Noyabrın 20-də IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən "Yaşıl Marafon" kampaniyası çərçivəsində növbəti genişmiqyaslı ağacəkmə aksiyası keçirilib.
Aksiya Bakının Xocasən və Müşfiqabad qəsəbələrində, eləcə də digər bölgələrdə həyata keçirilib.
Ekologiya və Təbii Sərvətlər və Təhsil nazirliklərinin, Dövlət Gömrük Komitəsi və Miqrasiya Xidməti rəsmilərinin, Binəqədi Rayon İcra Hakimiyyətinin əməkdaşlarının, Azərbaycan Könüllü Təşkilatları İttifaqına üzv könüllülərin və tələbələrin iştirakı ilə Xocasən qəsəbəsində keçirilən ağacəkmə zamanı Abşeron yarımadasının iqliminə uyğun 2 mindən çox müxtəlifcinsli ağac əkilib.
Aksiyada iştirak edən təhsil naziri Emin Əmrullayev kampaniyanın əhəmiyyətindən danışıb. Qeyd edib ki, bu təşəbbüs çərçivəsində əkilən ağacların ətraf aləmin qorunması, daha sağlam ekoloji mühitin yaradılmasında faydası olacaq: “Aksiyaya azərbaycanlılarla yanaşı, ölkəmizin müxtəlif universitetlərində təhsil alan 100-dən çox tələbə qatılıb. Həmçinin “Bir könüllü” təşkilatının könüllü nümayəndələri də ağacəkmə aksiyasında fəal iştirak edirlər. Hesab edirəm ki, təşəbbüs ekologiyanın qorunmasına ciddi töhfədir”.
Qeyd edək ki, "Yaşıl Marafon" kampaniyası çərçivəsində keçirilən ağacəkmə tədbirlərində dövlət və özəl qurumların, qeyri-hökumət təşkilatlarının, könüllülərin, ictimaiyyət nümayəndələrinin, təbiətsevərlərin böyük coşqu ilə iştirak etməsi ətraf mühitin qorunması, yaşıllıqların artırılması ilə yanaşı, istilik effekti yaradan qaz tullantılarının azaldılmasına töhfə verir.